Ara

Azərbaycan və Türkiyə - İki qardaş ölkə.

Müəyyən qisim dövlətlər var ki, bəşəriyyət tarixinə bir-birinə yaxın, dost, qardaş ölkələr kimi düşüblər. Bu ölkələrin bəzilərini bir-birinə din, bəzilərini dil, bəzilərini isə mədəni köklər bağlayır. Lakin onların heç biri ümumilikdə dünya birliyinə örnək olacaq Türkiyə-Azərbaycan qardaşlığı qədər dərin köklərə malik deyillər. Bəli, bu gün çəkinmədən Türkiyə-Azərbaycan əlaqələrini bəşəriyyət üçün bir nümunə adlandırmaq olar. Bunun başlıca səbəbi isə həmin əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmasıdır. Daha dəqiq desək, bizim xalqlarımızın dostluğu, qardaşlığı böyük sınaqlardan çıxıb və böyük tarixi yol keçib. Məhz buna görə də Türkiyə və Azərbaycan xalqlarının dostluğu, qardaşlığı bütün siyasi hakimiyyətlərin fövqündə dayanıb. Çox da uzağa getməyib, ötən əsrin əvvəllərindən etibarən cərəyan edən hadisələrə yenidən nəzər salsaq dediklərimizin öz təsdiqini tapdığının şahidi olarıq.
Beləliklə, Türkiyə ilə Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin inkişaf mərhələsi kimi ötən əsrin əvvəllərini göstərmək olar. Daha doğrusu, Birinci Dünya Müharibəsinin başlanması, həmçinin, çar Rusiyasının parçalanması nəticəsində ortaya çıxan yeni şərait Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxından dəstək olması zərurətini yaratdı. Tarixdən məlum olduğu kimi, Çanaqqala savaşının əsası 1914-cü ilin yayında baş verən Birinci Dünya Müharibəsində qoyulub. Türkiyə həmin dövrdə istəmədən Almaniya-Avstriya-Macarıstan tərəfində Antantaya (İngiltərə-Fransa-Rusiya) qarşı döyüşlərə cəlb edilib. Bu da Çanaqqala boğazını ələ keçirərək Almaniyanı Osmanlının dəstəyindən məhrum etmək, eyni zamanda, dünyanın qoca bir imperiyasını yer üzündən silmək üçün müttəfiq qüvvələrin (Antanta) əlinə bəhanə verib. Lakin əvvəl Çanaqqalanı, sonra isə bütövlükdə Türkiyəni ələ keçirmək ümidi ilə yaşayan düşmənin arzusu puç olub. 250 mindən çox şəhid verən Türkiyə Çanaqqala döyüşü ilə dünya tarixinə yeni bir türk zəfərinın adını yazıb. Onu da qeyd etmək yerinə düşər ki, Çanaqqala döyüşlərində türklərlə yanaşı azərbaycanlılar da işğalçı güclərə qarşı döyüşərək, şəhid olublar. Eyni zamanda, son illərdə işıq üzü görən kitablardan oxumuşuq ki, yüzlərlə azərbaycanlı Balkan savaşlarında, Çanaqqala savaşlarında, daha sonra Türkiyənin İstiqlal savaşında döyüşüb, şəhid olublar. TRT-nin Bakı bürosunun keçmiş rəhbəri Əbdülhəmid Afşarın tədqiqatlar nəticəsində ortaya çıxardığı, Geliboludakı türk şəhidliklərində azərbaycanlılarla bağlı qəbirlər Çanaqqala zəfərində bizim də izimizin olmasını təsdiqləyir.
Konkret olaraq Çanaqqalada üzərlərində “Təbriz” və “Tiflis” sözləri yazılan qəbir daşlarına dair isə bəzi ehtimallar var. 1915-ci ildə Rusiya və Osmanlı Türkiyəsi müharibə aparırdılar, həmin vaxt azərbaycanlıların kütləvi şəkildə Çanaqqalaya yardıma getməsi mümkün deyildi. Amma bəzi məlumatlara görə, ilk dövrlər az sayda da olsa Azərbaycan türkü məhz Tiflisdə toplanaraq Çanaqqala cəbhəsinə yola düşüb, Türkiyə türkünün harayına çatmağa çalışıb. Eyni zamanda, Güney Azərbaycanda soydaşlarımızın Osmanlı İmperiyasının tərəfində vuruşmaq üçün Geliboluya getməsi daha asan idi. Böyük ehtimalla, ikinci bir toplanış yeri Qarakilsə (indiki Cənubi Azərbaycan ərazisində, Naxçıvan yaxınlığında) idi.
Yəni, çar Rusiyasının əsarətinə baxmayaraq, Azərbaycan xalqı düşmənin hücumuna məruz qalan Türkiyəyə öz qardaşlıq əlini uzadıb. Və türk qardaşlarımız bu yaxşılığı heç zaman unutmayıblar.
Belə ki, qısa müddətdən sonra Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn türk əsgərləri burada bir qəhrəmanlıq tarixinin yazılmasına səbəb olublar. Məhz Nuru Paşanın rəhbərlik etdiyi ordunun 1918-ci ildə gəlişi ilə erməni-rus birləşmələrinin günahsız azərbaycanlıları qətlə yetirməsinin qarşısı alınıb. Həmin vaxt Azərbaycanı erməni daşnakları və rus bolşeviklərinin işğalından qurtarmaq, insanlarımızın kütləvi şəkildə soyqırımının qarşısını almaq üçün xeyli sayda türk əsgəri şəhid olub. SSRİ-nin yaranmasından sonra bu tarixi bizlərə unutdurmağa çalışıblar. Lakin qədirbilən Azərbaycan xalqı türk şəhidlərinin yatdıqları məzarları müqəddəs ocaqlar adı altında qoruyub saxlayıblar. Və hazırda həmin məzarlıqların hər birinin üzərində xatirə abidələri ucalır. 1918-ci ildə Bakını işğaldan azad edən türk əsgərinə qoyulan abidənin də məhz Azərbaycanın qürur yeri olan Şəhidlər Xiyabanında ucaldılması Türkiyə və Azərbaycan xalqlarının hər zaman birlikdə olduqlarının növbəti təsdiqidir.
Daha dəqiq desək, taleyin qismətindən Türkiyə ilə Azərbaycanın kökləri, maraqları bir olduğu kimi, düşməni də birdir. Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edən, Dağlıq Qarabağı işğal altında saxlayan Ermənistan Türkiyəyə qarşı da torpaq iddiası ilə çıxış edir, hələ bu azmış kimi, qondarma “erməni soyqırımı” iddiasından əl çəkmək istəmir. Zaman-zaman türk dünyasına qarşı xain və cinayətkar əməlləri ilə ad çıxarmış ermənilər bizləri zəif salmaq üçün hər addıma əl atıblar. Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanda və Türkiyədə kütləvi soyqırımlar həyata keçirən erməni cəlladları xaricdəki havadarlarının köməyindən istifadə edərək, hər zaman “sudan quru çıxmağı” bacarıblar. Bu azmış kimi, özlərini “əzilmiş”, “məzlum” xalq kimi qələmə verərək, müasir Türkiyəyə qarşı “soyqırımı” davasına başlayıblar. Bu gün okeanın o tayından da dəstək alan ermənilərin həmin davasındakı yeni mərhələ isə, təbii olaraq, Azərbaycan və Türkiyə xalqlarını narahat etməkdədir. Çünki erməni planının növbəti mərhələsində qardaş və əbədi müttəfiq olan Azərbaycanla Türkiyəni bir-birindən incik salmaq, onların münasibətlərinə xələl gətirmək, bu ölkələr arasında şübhə toxumu əkmək kimi məkrli niyyətlər dayanır. Bunun üçün isə “Türkiyə-Ermənistan sərhədləri açılacaq” informasiyası dövriyyəyə buraxılıb.
Lakin xalqlarımız təkcə narahatlıq keçirməklə kifayətlənmir, eyni zamanda, düşmənin planının ifşa edilməsi üçün öz səsini ucaldır. Bu gün Bakıda, Sumqayıtda, Gəncədə, ümumiyyətlə, Azərbaycanın müxtəlif yerlərində səslənən “Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açıla bilməz” şəklindəki etirazlara Ankaradan, İstanbuldan, İzmirdən, ümumiyyətlə, Türkiyənin hər yerindən dəstək xarakterli bəyanatlarla cavab verilir. Bu isə xalqlarımızın yenə də çəkici bir zindana vurmasına işarə edir. Yəni, görünən odur ki, Türkiyə və Azərbaycan xalqlarının qardaşlığı siyasi hakimiyyətlərin fövqündə dayanır. Və yuxarıda sadalanan bütün məqamlarda olduğu kimi bu məsələdə də həlledici söz xalqlarımızın olacaq. Çünki 1914-1915-ci ildə azərbaycanlıları Çanaqqala savaşında iştirak etməyə, 1918-ci ilə türkləri Azərbaycanın işğaldan azad olunmasında iştirak etməyə və digər vaxtlardakı addımların atılmasına hansısa siyasi hakimiyyət qərar verməmişdi. Deməli, son qərar bütün həlledici məqamlarda öz sözünü deməyi bacaran Azərbaycan və Türkiyə xalqlarınındır.

Hiç yorum yok:

Yorum Gönder